Bizim təcrübəmizlə - Sizin etimadınızla !

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişiklik bu gün parlamentin plenar iclasında qəbul edilib.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla, Azərbaycan ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb.

Dəyişikliyə əsasən istisna olunan yoxlamaların siyahısına gömrük auditi də əlavə olunur. Bununla da səlahiyyətli qurumlar xarici ticarət dövriyyəsində şəffaflığın təmin edilməsi, dövlət büdcəsinə ödənilməli vergi və gömrük rüsumlarının tam təmin edilməsi məqsədilə gömrük auditini maneəsiz həyata keçirə biləcəklər.

Hazırda 2.1-ci maddayə əsasən yalnız vergi yoxlamaları, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.

 

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında"

Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

 

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1109; 2017, № 11, maddə 1973; Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr  tarixli 1364-VQD nömrəliQanunu) 2.1-ci maddəsinin birinci cümləsinə "yoxlamaları," sözündən sonra "gömrük auditi," sözləri əlavə edilsin.

 

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2018-ci il.