Bizim təcrübəmizlə - Sizin etimadınızla !

Əlaqə

Poçt indeksi: AZ1012
Məhəmməd Xiyabani küçəsi 8
Tel.: (012) 433-65-76
Tel./Faks: (012) 432-14-25
URL: www.v-b-consulting.az
E-poçt:
office@v-b-consulting.az

Bizim kollektivlə birbaşa əlaqə:
Bayram Rəhimov (Direktor)
bayram@v-b-consulting.az

Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi facebook səhifəsində "SAHİBKARLARA XOŞ XƏBƏR!" başlığı  altında məqaləni təqdim edirik. 

 

Milli Məclis sahibkarları yersiz yoxlamalar və müdaxilələrdən qorumaq, yoxlayıcı orqanlar tərəfindən həyata keçirilən planlı və plandankənar yoxlamaların sahibkarların normal fəaliyyətinə mane olmaması üçün yeni qanun layihəsini birinci oxunuşda qəbul edib.

Trend-in məlumatına görə, parlamentin çərşənbə axşamı keçirilən iclasında İqtidadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun layihəsini təqdim edib.

O qeyd edib ki, qanun layihəsində sahibkarların risk qrupları üzrə bölgüsü (yüksək, orta və aşağı riskli) aparılır və məhz bu bölgünün nəticəsindən asılı olaraq, yoxlamaların aparılması tezliyi müəyyən edilir.


Qanun layihəsinə əsasən, yoxlamalar yüksək risk qrupuna aid sahibkarlara ildə bir dəfədən çox olmayaraq, orta risk qrupuna iki ildə bir dəfədən çox olmayaraq, kiçik risk qrupuna aid sahibkarlara isə üç ildə bir dəfədən çox olmayaraq, plan üzrə yoxlamanın müddəti orta və kiçik sahibkarlara münasibətdə 5 gün olmaqla, iri sahibkarlara münasibətdə isə 10 gündən artıq olmamaqla aparılır. Plandankənar yoxlama isə müvafiq olaraq iri sahibkarlara münasibətdə 5 gündən, orta və kiçik sahibkarlara münasibətdə 3 gündən artıq olmamalıdır. Yoxlamaların elektron uçotu aparılmalıdır.

Plandankənar (növbədənkənar) yoxlamalar yeni qanun layihəsinə görə yoxlayıcı orqanın istəyi ilə yox, məhz konkret qanunun tələb etdiyi hallarda keçirilə biləcək. Belə ki, bu cür yoxlamalar yalnız sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların aradan qaldırılmasına dair qərar yerinə yetirilmədikdə, sahibkarın fəaliyyətinin məhdudlaşdırılması barədə qərarın icra vəziyyətinin yoxlanılmasına ehtiyac yarandıqda və konkret faktlara əsaslanan rəsmi müraciətlər olduqda, habelə sahibkar plandankənar yoxlamanın keçirilməsi barədə yoxlayıcı orqana müraciət etdikdə həyata keçirilə bilər.

Yoxlamaların keçirilməsi ilə bağlı hər hansı normativ hüquqi aktın aydın olmayan və ya bir-birinə zidd olan müddəalarının sahibkarın xeyrinə şərh edilməsi tələbi qanun layihəsinin özəlliklərindən biridir. Qanun layihəsində sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yalnız ən son zərurət tədbiri kimi baxılır.

Bundan başqa, qanun layihəsində yoxlayıcı orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi üçün konkret mexanizmlər göstərilir və yoxlayıcı orqanların məsuliyyəti məsələləri də öz əksini tapır. Belə ki, qanun layihəsində göstərilir ki, istənilən sahibkar yoxlamanın nəticələrindən narazı qaldıqda yuxarı orqanlara və ya məhkəməyə müraciət edə bilər. Yoxlamalar keçirilərkən, yoxlayıcı orqanların qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində sahibkara vurulmuş zərərə görə müvafiq yoxlayıcı orqan mülki, intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyır.

Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və həyata keçirilməsi qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquqlarını, vəzifələrini və məsuliyyətlərini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir.

1-ci fəsil
Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - sahibkarlar tərəfindən sahibkarlıq fəaliyyətinə irəli sürülən məcburi tələblərin yerinə yetirilməsinin yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə qiymətləndirilməsi və nəticəsi üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutan tədbirlərin məcmusu;
1.1.2. sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslər;
1.1.3. yoxlayıcı orqan - qanun əsasında sahibkarlıq sahəsində yoxlama həyata keçirmək səlahiyyəti verilmiş dövlət orqanı;
1.1.4. yoxlayıcı - yoxlayıcı orqanın məsuliyyət daşıdığı nəzarət sahəsi üzrə yoxlamaların aparılması səlahiyyəti verilmiş yoxlayıcı orqanın vəzifəli şəxsi;
1.1.5. plan üzrə (növbəti) yoxlama - yoxlayıcı orqan tərəfindən risk qiymətləndirilməsi sisteminə və yoxlamaların bu Qanunla müəyyən olunan tezliyinə uyğun olaraq əvvəlcədən tərtib olunan yoxlama planı əsasında təyin edilən və keçirilən yoxlama;
1.1.6. plandankənar (növbədənkənar) yoxlama - yoxlamaların bu Qanunla müəyyən olunan tezliyi nəzərə alınmadan bu Qanunun 16-cı maddəsində göstərilən əsaslarla təyin edilən və keçirilən yoxlama;
1.1.7. risk - törədə biləcəyi fəsadların ağırlıq dərəcəsi nəzərə alınmaqla, sahibkarın fəaliyyəti nəticəsində insanların həyat və ya sağlamlığına ətraf mühitə və dövlətin əmlak maraqlarına mühüm zərərin vurulması ehtimalı;
1.1.8. risk qiymətləndirilməsi sistemi - yoxlayıcı orqan tərəfindən yoxlamaların planlaşdırılması və təşkili məqsədi ilə həyata keçirilən məlumatların toplanması və təhlil edilməsinin tətbiqi sistemi;
1.1.9. risk qruplarının müəyyənləşdirilməsi meyarları - sahibkarın fəaliyyətinin, istehsal və (və ya) realizə etdiyi malların (işlərin, xidmətlərin) xüsusiyyətləri ilə bağlı olan və sahibkarın müxtəlif risk qrupları üzrə bölüşdürülməsinə imkan verən kəmiyyət və (və ya) keyfiyyət göstəricilərinin məcmusu;
1.1.10. yoxlama suallarının siyahısı -yoxlama zamanı yerinə yetirilməsi yoxlayıcı orqan tərəfindən yoxlanılan sahibkarlıq fəaliyyətinə irəli sürülən məcburi tələblərin müfəssəl siyahısını əks etdirən yoxlama aktının tərkib hissəsi;
1.1.11. yoxlamaların vahid məlumat reyestri - bu Qanunun 13-cü maddəsində nəzərdə tutulan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri;
1.1.12. insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə və ya mühüm zərər - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təhlükə və ya zərər.
1.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi istisna olmaqla, digər qanunlarda verilmiş anlayışlar bu Qanunda fərqli mənada nəzərdə tutulduqda, bu Qanunda verilmiş mənada tətbiq edilir.

Maddə 2. Qanunun tətbiq dairəsi

2.1. Bu Qanun yoxlamaların məqsəd və prinsiplərini, təşkili və həyata keçirilməsi qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquqlarını, vəzifələrini və məsuliyyətini, habelə sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı məsələləri tənzimləyir.
2.2. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən bu Qanunun 1.1.1-ci maddəsinin tələblərinə uyğun həyata keçirilən bütün növ tədbirlərə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
2.3. Bu Qanun, bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5-7.11-ci, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla, vergi yoxlamalarına şamil edilmir.
2.4. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin və ya sahibkarlıq fəaliyyətinə irəli sürülən məcburi tələblərin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

Maddə 3. Yoxlamaların qanuniliyi

3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.
3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə həyata keçirilmiş yoxlamaların, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilən yoxlamaların hüquqi nəticəsi yoxdur və onların gedişində aşkar olunmuş qanun pozuntuları barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

Maddə 4. Yoxlamaların həyata keçirilməsinin məqsəd və prinsipləri

4.1. Yoxlamaların həyata keçirilməsinin məqsədi sahibkarlıq fəaliyyətinə irəli sürülən məcburi tələblərə sahibkarlar tərəfindən riayət olunmasının təmin edilməsi yolu ilə insanların həyat və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsindən ibarətdir.
4.2. Yoxlamalar aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
4.2.1. qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq;
4.2.2. sahibkarın vicdanlılıq prezumpsiyası;
4.2.3. yoxlamaların vahid reyestrdə dövlət qeydiyyatı;
4.2.4. sahibkarın yoxlama ilə bağlı olmayan fəaliyyətinə müdaxilə edilməsinin yolverilməzliyi;
4.2.5. həyata keçirilən yoxlamanın yoxlayıcı orqanın səlahiyyətinə uyğunluğu;
4.2.6. bir yoxlama predmeti üzrə bir neçə yoxlayıcı orqan tərəfindən yoxlamaların aparılmasının yolverilməzliyi;
4.2.7. yoxlamanın təşkili və həyata keçirilməsi barədə qanunvericilik aktlarının və digər məlumatların sahibkar üçün açıqlığı;
4.2.8. yoxlamalar zamanı qanunun tələblərinin pozulması nəticəsində sahibkara dəyən zərərə görə yoxlayıcı orqanın və onun vəzifəli şəxslərinin məsuliyyəti;
4.2.9. hüquq pozuntusunun qarşısının alınmasının həmin pozuntuya görə cəzalandırılmaqdan üstünlüyü;
4.2.10. yoxlamanın keçirilməsinin yoxlayıcı orqan tərəfindən maliyyələşdirilməsi;
4.2.11. yoxlama səlahiyyətinə malik vəzifəli şəxslərin yüksək peşəkarlığı;
4.2.12. yoxlamalar sahəsində risk qiymətləndirilməsi sisteminin və yoxlama suallarının siyahısının tətbiqi;
4.2.13. yoxlayıcı orqanların fəaliyyətinə nəzarətin (o cümlədən daxili nəzarətin) həyata keçirilməsi.
4.2.14. yoxlamanın qabaqlayıcı və profilaktik xarakter daşıması və sahibkarlıq fəaliyyətinə irəli sürülən məcburi tələblərə riayət olunmasında sahibkara köməklik göstərilməsinə xidmət etməsi;
4.2.15. yoxlanılan bütün sahibkarların hüquq və qanuni mənafeylərinin bərabərliyi.

2-ci fəsil
Yoxlamaların dövlət tənzimlənməsi

Maddə 5. Sahibkarlıq fəaliyyətinə irəli sürülən məcburi tələblər

5.1. Yoxlama zamanı yerinə yetirilməsi yoxlanılan məcburi tələblər Azərbaycan Respublikasının qanunları və onlara uyğun qəbul edilmiş digər normativ hüquqi aktları ilə müəyyən edilir. Yoxlamanın predmetini sahibkarın məcburi tələblərə riayət etməsinin qiymətləndirilməsi təşkil edir.
5.2. Sahibkarlıq fəaliyyətinə irəli sürülən məcburi tələblərin, yoxlamaların keçirilməsi ilə bağlı hər hansı normativ hüquqi aktların aydın olmayan və ya bir-birinə zidd olan müddəaları aşkar edildikdə sahibkara münasibətdə daha əlverişli olan müddəa tətbiq edilir.
5.3. Sahibkarlıq fəaliyyətinə irəli sürülən məcburi tələblərin pozulmasına görə məsuliyyət tədbirləri yalnız qanunla müəyyən edilir.

Maddə 6. Yoxlayıcı orqanların səlahiyyətləri

6.1. Yoxlayıcı orqanın səlahiyyətləri Azərbaycan Respublikasının qanunları və onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktları ilə müəyyən edilir. Yoxlayıcı orqanların səlahiyyətlərinin təkrarlanmasına yol verilmir.
6.2. Yoxlamaların təşkili və həyata keçirilməsi ilə bağlı yoxlayıcı orqan tərəfindən normativ hüquqi aktların qəbul edilməsinə yol verilmir.
6.3. Yoxlayıcı orqanların və onların nəzarət sahələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 7. Yoxlayıcıların səlahiyyətləri və yoxlayıcılara dair tələblər

7.1. Yoxlayıcıların səlahiyyətləri yoxlayıcı orqanın səlahiyyətləri ilə məhdudlaşır. Yoxlayıcılara yoxlamanın aparılmasından başqa digər səlahiyyətlər, o cümlədən sahibkarın fəaliyyətinin məhdudlaşdırılması, yoxlama materiallarına baxılması və nəticələri üzrə qərarın qəbul edilməsi, məsuliyyət tədbirlərinin tətbiqi, cərimələrin toplanması səlahiyyətləri verilə bilməz.
7.2. Yoxlayıcılar onların təmsil etdikləri yoxlayıcı orqanın nəzarət sahəsinə aid olmayan məsələləri yoxlaya və həmin məsələlərlə bağlı materiallarla tanış ola bilməzlər.
7.3. Yoxlayıcılar yüksək peşəkarlıq tələblərinə cavab verməlidirlər. Yoxlayıcı orqana işə qəbul olunmuş şəxslər yoxlamaya buraxılmamışdan əvvəl yoxlama prosedurlarına dair təlim kursundan keçməlidirlər. Təlim kursları yoxlayıcı orqan tərəfindən yoxlayıcıların peşəkarlığının artırılması məqsədi ilə ildə ən azı bir dəfə təşkil edilir.
7.4. Yoxlayıcı orqan tərəfindən yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa və dövlət qulluğunun xüsusi növlərində qulluq keçməni tənzimləyən Azərbaycan Respublikasının başqa qanunlarına uyğun olaraq həyata keçirilir.
7.5. Yoxlayıcılar təmsil etdiyi yoxlayıcı orqanda tətbiq edilən etik davranış qaydalarına əməl etməlidirlər.
7.6. Başqa qayda nəzərdə tutulmadıqda, yoxlayıcıların fəaliyyətinə birbaşa nəzarəti yoxlayıcı orqanın rəhbərliyi və daxili nəzarət qurumu həyata keçirir.
7.7. Yoxlayıcılar "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə əldə olunması məhdudlaşdırılan informasiyanın qorunmasını təmin etməlidirlər.
7.8. Yoxlayıcı aşağıdakı hallarda yoxlama apara bilməz:
7.8.1. yoxlayıcı yoxlanılan hüquqi şəxsin təsisçisi (iştirakçısı) olduqda;
7.8.2. yoxlayıcı yoxlanılan fərdi sahibkarın, hüquqi şəxsin təsisçisinin (iştirakçısının), idarəetmə orqanlarının üzvlərinin (rəhbərinin) yaxın qohumu olduqda. Bu maddədə və bu Qanunun 18.2.4-cü maddəsində yaxın qohum dedikdə valideynlər, babalar, nənələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürənlər, ər-arvad, uşaqlar və nəvələr nəzərdə tutulur.
7.9. Bu Qanunun 7.8-ci maddəsində göstərilən hallar ortaya çıxdıqda, yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın aparılması haqqında qərarda dəyişiklik edilməli və həmin dəyişiklik edilmiş qərar sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilməlidir.
7.10. Yoxlamalar zamanı aşkar edilmiş pozuntuların və onlara görə tətbiq edilən məsuliyyət tədbirlərinin sayı, cərimələrin və digər maliyyə xarakterli sanksiyaların məbləği yoxlayıcı orqanların, onların yoxlayıcılarının və digər əməkdaşlarının işinin və fəaliyyətinin effektivliyinin və səmərəliliyinin qiymətləndirilməsi ilə bağlı meyar göstəriciləri ola bilməz.
7.11. Yoxlamaların nəticələri üzrə sahibkara qarşı tətbiq edilən cərimələrin nağd şəkildə yoxlayıcılar tərəfindən qəbul edilməsinə yol verilmir.

Maddə 8. Sahibkarlara məsləhətlərin verilməsi

8.1. Sahibkarlıq fəaliyyətinə irəli sürülən məcburi tələblər müəyyən edən qanunvericilik aktlarına (o cümlədən, texniki normativ hüquqi aktlara) sahibkarların sərbəst, ödənişsiz və məhdudiyyətsiz çıxışı təmin olunur.
8.2. Sahibkarlıq fəaliyyətinə irəli sürülən məcburi tələblər müəyyən edən qanunvericilik aktları (o cümlədən, texniki normativ hüquqi aktlar), habelə yoxlamanın hər bir mərhələsini, o cümlədən yoxlayıcı orqan tərəfindən qəbul edilmiş qərarlardan şikayət verilməsi qaydasını tənzimləyən aydın və şəffaf prosedur qaydaları, yoxlayıcı orqanın səlahiyyətlərini əks etdirən məlumatlar, yoxlama suallarının siyahısı, sahibkarlıq fəaliyyətinə irəli sürülən məcburi tələblərin tətbiqinə dair verilən izahatlar, tez-tez verilən suallara cavablar, həmçinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin səmərəliliyinin yüksəldilməsinə xidmət edə biləcək məlumatlar yoxlayıcı orqanların rəsmi internet saytlarında yerləşdirilir və həmin məlumatlarda dəyişikliklər baş verdikcə onlar yenilənir.
8.3. Sahibkar metodiki köməklik göstərilməsi, məsləhət almaq və vəziyyəti qiymətləndirmək üçün yoxlayıcı orqana müraciət etmək və onu öz müəssisəsinə dəvət etmək hüququna malikdir.
8.4. Yoxlayıcı orqan səlahiyyətlərinə aid məsələlər üzrə yazılı və şifahi şəkildə sahibkara məcburi tələblərin tətbiqi ilə bağlı izahatlar verməyə, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki köməklik göstərməyə borcludur.
8.5. Yoxlayıcı orqan bu Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş məsələlər üzrə sahibkarların daha operativ məlumatlandırılması məqsədi ilə ödənişsiz telefon məlumat xidməti yaradır. Telefon məlumat xidməti vasitəsilə alınan izahata və göstərilən metodiki köməkliyə uyğun olaraq hərəkət edən sahibkarın həmin məlumata istinad etməsi üçün şəraitin yaradılması məqsədi ilə yoxlayıcı orqan tərəfindən verilən məlumatlar texniki vasitələrin köməyi ilə qeydə alınır. Sahibkar qeydə alınmış səs yazısının elektron daşıyıcıda surətini yazıldığı gündən üç ay ərzində almaq hüququna malikdir.
8.6. Bu Qanunun 8.4-cü və 8.5-ci maddələrinə əsasən verilən yazılı izahatlara və göstərilən metodiki köməkliyə əsaslanmaqla həyata keçirilən fəaliyyət, görülən iş və xidmətlərlə bağlı yol verilən pozuntulara görə sahibkar məsuliyyətə cəlb edilmir.
8.7. Yoxlayıcı orqan tərəfindən yazılı izahatlar verildikdən və ya metodiki köməklik göstərildikdən sonra həmin izahatın və ya metodiki köməkliyin əsaslandığı hüquqi aktlarda dəyişikliklər olduqda, bu Qanunun 8.6-cı maddəsi tətbiq edilmir.

3-cü fəsil
Risk qiymətləndirilməsi sistemi

Maddə 9. Sahibkarların risk qrupları üzrə bölgüsü

9.1. Plan üzrə (növbəti) yoxlamaların planlaşdırılması və keçirilməsi məqsədilə, fəaliyyəti yoxlanılan bütün sahibkarlar yüksək, orta və aşağı risk qrupuna bölünür.
9.2. Sahibkarların risk qrupları üzrə bölüşdürülməsi risk qruplarının müəyyənləşdirilməsi meyarları əsasında hər yoxlayıcı orqan tərəfindən onun nəzarət sahəsinə uğun həyata keçirilir və onun yoxladığı bütün sahibkarlara şamil edilir.
9.3. Risk qruplarının müəyyənləşdirilməsi meyarları sahibkarların fəaliyyətinin kəmiyyət və (və ya) keyfiyyət göstəriciləri (xüsusiyyətləri) əsasında müəyyən edilir və bu zaman aşağıdakı amillər nəzərə alınır:
9.3.1. sahibkarın fəaliyyətinin miqyası;
9.3.2. sahibkarın müvafiq sahədə fəaliyyət göstərdiyi müddət;
9.3.3. sahibkar tərəfindən istehsal edilən məhsulun (görülən işin, göstərilən xidmətin) xüsusiyyətləri və (və ya) onun fəaliyyət sahəsi;
9.3.4. müxtəlif statistik məlumatlar (sahibkarın fəaliyyət sahəsində mənfi fəsadların baş verməsi, sahibkarın fəaliyyət göstərdiyi sahədə məcburi tələblərin pozulması vəziyyəti və s.);
9.3.5. sahibkarda əvvəllər aparılmış yoxlamaların nəticələri;
9.3.6. sahibkarın icbari hesabatlılığında uyğunsuzluqların və ziddiyyətlərin olması.
9.4. Sahibkarın iki və ya daha artıq risk qrupuna aid edilməsi mümkün olduqda, o, aid edilə biləcəyi risk qruplarından daha yüksəyinə aid edilir.
9.5. Hər bir yoxlayıcı orqanın nəzarət sahəsi üzrə risk qruplarının müəyyənləşdirilməsi meyarları həmin yoxlayıcı orqan tərəfindən hazırlanır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
9.6. Hər bir yoxlayıcı orqan yoxladığı sahibkarları risk qrupları üzrə bölüşdürərkən aşağıdakı şərtlərə əməl etməlidir :
9.6.1. yoxlanılan bütün sahibkarların ümumilikdə 10 faizindən çox olmayan hissəsi yüksək risk qrupuna aid edilməlidir;
9.6.2. yoxlanılan bütün sahibkarların ümumilikdə 30 faizindən çox olmayan hissəsi orta risk qrupuna aid edilməlidir;
9.6.3. yüksək və orta risk qruplarına aid edilməyən sahibkarlar aşağı risk qrupuna aid edilməlidir.
9.7. Risk qruplarının müəyyənləşdirilməsi meyarları (onların məzmunu və seçilməsi) üç ildə bir dəfədən az olmayaraq yenidən təhlil edilir.
9.8. Yoxlayıcı orqanın nəzarət sahəsi üzrə risk qruplarının müəyyənləşdirilməsi meyarları təsdiqlənməyibsə, həmin yoxlayıcı orqan plan üzrə (növbəti) yoxlama apara bilməz.

Maddə 10. Plan üzrə (növbəti) yoxlamaların aparılması dövriliyi

10.1. Sahibkarlarda plan üzrə (növbəti) yoxlamaların aparılması dövriliyi sahibkarın aid olduğu risk qrupundan asılıdır.
10.2. Hər risk qrupu üçün plan üzrə (növbəti) yoxlamaların aparılması dövriliyi müəyyən edilir.
10.3. Plan üzrə (növbəti) yoxlamalar bu maddənin tələblərinə uyğun hər risk qrupu üçün müəyyən edilmiş dövrilikdən artıq dövriliklə aparıla bilməz.
10.4. Plan üzrə (növbəti) yoxlamalar aşağıdakı dövriliklə aparılır:
10.4.1. Yüksək risk qrupuna aid edilən sahibkara münasibətdə - ildə bir dəfədən çox olmayaraq;
10.4.2. Orta risk qrupuna aid edilən sahibkara münasibətdə - iki ildə bir dəfədən çox olmayaraq;
10.4.3. Aşağı risk qrupuna aid edilən sahibkara münasibətdə - üç ildə bir dəfədən çox olmayaraq.
10.5. Bu Qanunun 10.4-cü maddəsində müəyyən edilmiş yoxlamaların aparılması dövriliyi bu Qanunun 10.6-cı maddəsində göstərilən sahələrə şamil edilmir.
10.6. Yeyinti məhsullarının təhlükəsizliyinə nəzarət sahəsində plan üzrə (növbəti) yoxlamaların aparılması tezliyi aşağıdakı kimidir:
10.6.1. Yüksək risk qrupuna aid edilən sahibkarlara münasibətdə - altı ayda bir dəfədən çox olmayaraq;
10.6.2. Orta risk qrupuna aid edilən sahibkarlara münasibətdə - ildə bir dəfədən çox olmayaraq;
10.6.3 Aşağı risk qrupuna aid edilən sahibkarlara münasibətdə - iki ildə bir dəfədən çox olmayaraq.
10.7. Əgər son iki yoxlama nəticəsində sahibkarın fəaliyyətində məcburi tələblərin pozulması faktları aşkar edilməmişdirsə və ya aşkar edilmiş pozuntular insanların həyat və ya sağlamlığı, ətraf mühit və dövlətin əmlak maraqları üçün birbaşa və mühüm təhlükə yaratmırsa, həmin sahibkarda növbəti plan üzrə (növbəti) yoxlama onun aid olduğu risk qrupu üçün müəyyən edilmiş dövrilik 1,5 dəfə artırılmaqla təyin edilir.
10.8. Bu Qanunun 10.4-cü və 10.6-cı maddələrində göstərilən müddətlər sonuncu plan üzrə (növbəti) yoxlamanın başa çatması tarixindən, barəsində plan üzrə (növbəti) yoxlamalar keçirilməmiş sahibkarla münasibətdə onun dövlət qeydiyyatına alındığı tarixdən, sahibkarın risk qrupu dəyişildikdə isə risk qrupunun dəyişməsi tarixdən başlayaraq hesablanır.
10.9. Hər nəzarət sahəsi üzrə sahibkarın müəyyən risk qrupuna aid edilməsi barədə məlumat hər yoxlayıcı orqan tərəfindən yoxlamaların vahid məlumat reyestrinə daxil edilməlidir və həmin məlumat yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış sahibkarlar üçün açıq olmalıdır.

4-cü fəsil
Yoxlamaların qeydiyyatı

Maddə 11. Yoxlamaların elektron uçotu

11.1. Hər bir yoxlayıcı orqan keçirdiyi yoxlamalarla bağlı (keçirilmiş yoxlamaların sayı, xüsusiyyəti, yoxlamaların nəticələri, o cümlədən yoxlama ilə qanun pozuntularının aşkar edilib-edilməməsi, yol verilmiş pozuntular barədə qəbul olunmuş qərarlar, məsuliyyətə cəlb olunmuş təqsirkar şəxslər və görülmüş məsuliyyət tədbirləri) və sahibkarların özünün nəzarət sahəsi üzrə hansı risk qrupuna aid edildiyi barədə məlumatları əks etdirən elektron uçot aparır.
11.2. Yoxlamaların elektron uçotuna daxil edilən məlumatlar hər bir yoxlayıcı orqanın əhatə etdiyi nəzarət sahəsi üzrə risk qiymətləndirilməsi sisteminin yaradılması, təkmilləşdirilməsi, sahibkarlıq sahəsində dövlət nəzarətinin və sahibkarlara məsləhətlərin verilməsi işinin daha səmərəli təşkili məqsədi ilə tətbiq edilir.

Maddə 12. Yoxlamalar barədə illik hesabatlar

12.2. Təqvim ilinin sonunda yoxlayıcı orqanlar aşağıda sadalanan məlumatları özündə ehtiva edən illik hesabat hazırlayır:
12.2.1. hesabat dövründə sahibkarlar üçün daha aktual suallar önə çəkilməklə, izah olunması tələb olunan normativ hüquqi aktların müddəaları ilə bağlı məsləhətlərin verilməsi fəaliyyəti haqqında;
12.2.2. keçirilmiş yoxlamaların sayı (ümumi və risk qrupları üzrə), xüsusiyyəti, müddəti və nəticələri haqqında;
12.2.3. sahibkarlar tərəfindən yol verilmiş pozuntuların səbəbləri göstərilməklə hüquq pozuntularının miqyası, normativ hüquqi aktların tez-tez pozulan müddəaları və yol verilmiş pozuntular barədə qəbul olunmuş qərarlar haqqında;
12.2.4. sahibkarların şikayəti əsasında ləğv olunmuş və dəyişiklik edilmiş qərarların sayı haqqında;
12.2.5. bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş halların, qanunvericilikdə olan boşluqların aradan qaldırılması, sahibkarların fəaliyyətinə nəzarətin daha səmərəli təşkili və onlara münasibətdə nəzarət yükünün azaldılması məqsədi ilə dəyişikliklər edilməsi və ya yeni qəbul edilməsi təklif olunan normativ hüquqi aktlar haqqında.
12.3. Bu Qanunun 12.2.1-12.2.4-cü maddələrində göstərilən məlumatlar dövlət orqanlarının fəaliyyəti barədə illik hesabatlarla birlikdə rəsmi internet saytlarında yerləşdirilməklə və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər üsullarla açıqlanır.

Maddə 13. Yoxlamaların vahid məlumat reyestri

13.1. Sahibkarlıq sahəsində yoxlamaların aparılmasının mütəmadiliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.
13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.
13.4. Yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

5-ci fəsil
Yoxlamaların təşkili və keçirilməsi

Maddə 14. Yoxlamaların forması və dövrü

14.1. Yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) formada həyata keçirilir.
14.2. Plan üzrə (növbəti) yoxlama sahibkarın sonuncu plan üzrə (növbəti) yoxlamanın başa çatdığı tarixdən, barəsində plan üzrə (növbəti) yoxlamalar keçirilməmiş sahibkara münasibətdə isə onun dövlət qeydiyyatına alındığı tarixdən cari plan üzrə (növbəti) yoxlamanın başlandığı ana qədər olan fəaliyyət dövrünü, lakin hər bir halda üç ildən artıq olmayan dövrü əhatə edir.

Maddə 15. Plan üzrə (növbəti) yoxlama

15.1. Plan üzrə (növbəti) yoxlama yoxlayıcı orqan tərəfindən tərtib olunan və vahid məlumat reyestrində yerləşdirilən illik plan əsasında aparılır. İllik yoxlama planı risk qiymətləndirilməsi sisteminə və hər risk qrupu üçün ayrıca müəyyən edilən yoxlama tezliyinə uyğun olaraq hazırlanır.
15.2. İllik yoxlama planında aşağıdakı məlumatlar göstərilir:
15.2.1. yoxlayıcı orqanın adı (birgə yoxlama həyata keçirilən zaman digər yoxlayıcı orqanların da adları göstərilməlidir);
15.2.2. yoxlanılması nəzərdə tutulan sahibkarın adı;
15.2.3. yoxlanılması nəzərdə tutulan sahibkarın vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
15.2.4. bilavasitə yoxlanılması nəzərdə tutulan sahibkarın təsərrüfat obyektinin ünvanı;
15.2.5. yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə);
15.2.6. sahibkarda keçirilmiş sonuncu plan üzrə (növbəti) yoxlama haqqında məlumat (yoxlamanın başa çatdığı tarix, yoxlama aktının nömrəsi, qanun pozuntusu faktının aşkar olub-olmaması).
15.3. Hər növbəti il üzrə yoxlamaların keçirilməsi barədə elektron formada tərtib olunmuş və yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən təsdiqlənmiş illik yoxlama planı hər ilin 1 noyabr tarixindən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına təqdim edilir və ya onlayn rejimində göndərilir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin planların vahid məlumat reyestrində yerləşdirilməsi təmin olunur.
15.4. Bir sahibkarda bir neçə yoxlayıcı orqan tərəfindən birgə yoxlama aparıla bilər.

Maddə 16. Plandankənar (növbədənkənar) yoxlama

16.1. Bu Qanunun 16.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla plandankənar (növbədənkənar) yoxlama aşağıdakı hallarda aparılır:
16.1.1. sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair bu Qanunun 33.2.2-33.2.4-cü maddələrinə əsasən çıxarılmış qərarın yerinə yetirilməsi haqqında sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə;
16.1.2. Bu Qanunun 29.2-ci və 30.2-ci maddələrinə uyğun sahibkarın fəaliyyətinin məhdudlaşdırılması (təkrar məhdudlaşdırılması) barədə qərarın icra vəziyyəti yoxlanıldıqda;
16.1.3. insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına mühüm zərərin vurulması və ya belə təhlükənin olması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda;
16.1.4. sahibkar plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi barədə yoxlayıcı orqana müraciət etdikdə.
16.2. Bu Qanunun 16.1.1-ci maddəsinə əsasən aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı yalnız sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların aradan qaldırılmasına dair qərarın yerinə yetirilməsi yoxlanılır.
16.3. Bu Qanunun 16.1.2-ci maddəsinə əsasən aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı yalnız sahibkarın fəaliyyətinin məhdudlaşdırılmasına (təkrar məhdudlaşdırılmasına) səbəb olan halların və qanun pozuntularının aradan qaldırılması vəziyyəti yoxlanılır.
16.4. Bu Qanunun 16.1.3-cü maddəsinə əsasən aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı yalnız həmin maddədə göstərilən şəxslərin rəsmi müraciətlərində göstərilən və ya kütləvi informasiya vasitələrində yayılan sahibkarlıq fəaliyyətinə irəli sürülən məcburi tələblərin pozulması faktları yoxlanılır.
16.5. Bu Qanunun 16.1.4-cü maddəsinə əsasən aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı yalnız sahibkar tərəfindən müəyyən edilən məsələlər yoxlanılır.
16.6. Bu Qanunun 16.1-ci maddəsində göstərilən hallardan başqa digər hallarda və bu Qanunun 16.2-16.5-ci maddələrində göstərilən məsələlərdən başqa digər məsələlərin yoxlanılması məqsədilə plandankənar (növbədənkənar) yoxlama aparıla bilməz.
16.7. Bu Qanunun 16.1.3-cü maddəsinə uyğun plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi barədə qərar qəbul edilərkən aşağıdakı amillər kompleks şəklində təhlil edilərək nəzərə alınır:
16.7.1. müraciət edən şəxsin fiziki və əqli sağlamlığı, əvvəlki müraciətlərin doğruluğu;
16.7.2. eyni sahibkar barədə müxtəlif şəxslər tərəfindən müraciətlərin daxil olması;
16.7.3. daxil olmuş müraciətlərdə göstərilən faktların insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratması dərəcəsi;
16.7.4. yoxlanılması tələb edilən sahibkarın qanuna əməl etmə vəziyyəti.
16.8. Bu Qanunun 16.7-ci maddəsində göstərilən amillərin təhlili nəticəsində yoxlayıcı orqan insanların həyat və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına mühüm zərərin vurulmadığı və ya belə təhlükənin olmadığı barədə qənaətə gəldikdə, bu Qanunun 16.1.3-cü maddəsinə əsasən plandankənar (növbədənkənar) yoxlamanın aparılması üçün yetərli əsasların olmadığı barədə qərar qəbul edir. Qərar əsaslandırılmalı, yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanmalı və müraciət etmiş şəxsə (orqana), məlumatı yaymış kütləvi informasiya vasitəsinə göndərilməlidir.
16.9. Bu Qanunun 16.1.3-cü maddəsinə əsasən daxil olmuş müraciətlər (məlumatlar) anonim olduqda, həmin müraciətlər (məlumatlar) əsasında plandankənar (növbədənkənar) yoxlama aparıla bilməz.
16.10. Bu Qanunun 16.1.4-cü maddəsində nəzərdə tutulan halda plandankənar (növbədənkənar) yoxlama əvvəlki yoxlamanı aparmış yoxlayıcılar tərəfindən aparıla bilməz.

Maddə 17. Yoxlamanın keçirilməsi haqqında qərarın qəbul edilməsi

17.1. Yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan yoxlamanın aparılması haqqında qərar əsasında həyata keçirilir.
17.2. Yoxlamanın aparılması haqqında qərarda aşağıdakılar göstərilir:
17.2.1. qərarın nömrəsi və tarixi;
17.2.2. yoxlayıcı orqanın adı (birgə yoxlama həyata keçirilən zaman digər yoxlayıcı orqanların da adları göstərilməlidir);
17.2.3. yoxlanılacaq sahibkarın adı və VÖEN-i;
17.2.4. yoxlama sahibkarın təsərrüfat obyektində (obyektlərində) keçirildikdə onun (onların) ünvanı;
17.2.5. yoxlamanın forması;
17.2.6. sonuncu yoxlamanın forması və başa çatma tarixi;
17.2.7. yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə);
17.2.8. yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi;
17.2.9. plandankənar (növbədənkənar) yoxlama zamanı bu Qanunun 16.1-ci maddəsində göstərilmiş müvafiq hala istinad və yoxlama suallarının siyahısından yoxlanılacaq sualların nömrələri.
17.3. Yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlama zamanı yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı gün təqdim edilir.
17.4. Yoxlama yalnız onun aparılması haqqında qərarda göstərilən yoxlayıcı (yoxlayıcılar) tərəfindən aparılır.

Maddə 18. Yoxlamanın müddəti

18.1. Plan üzrə (növbəti) yoxlamanın müddəti iri sahibkara münasibətdə on iş günündən, orta və kiçik sahibkara münasibətdə beş iş günündən artıq olmamalıdır. Plandankənar (növbədənkənar) yoxlamanın müddəti iri sahibkara münasibətdə beş iş günündən, orta və kiçik sahibkara münasibətdə üç iş günündən artıq olmamalıdır. İri, orta və kiçik sahibkarların meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
18.2. Yoxlamanın aparılması aşağıdakı hallarda və müddətlərdə yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən bir dəfə dayandırılır:
18.2.1. yoxlamanı həyata keçirmək üçün tələb olunan sənədlər yoxlanılan sahibkar tərəfindən bərpa olunduqda - otuz gündən artıq olmayan müddətə;
18.2.2. dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə sənədlərin və məlumatların alınması üçün müraciətlər göndərildikdə - otuz gündən artıq olmayan müddətə (həmin orqanlar və ya şəxslər xarici dövlətlərdə olduqları halda - əlli gündən artıq olmayan müddətə);
18.2.3. məhsulun təhqiqi (sınağı) barədə qərar qəbul olunduqda - bu Qanunun 25.1-ci və 25.2-ci maddələrində nəzərdə tutulan müddətdən artıq olmayan müddətə;
18.2.4. yoxlanılan sahibkarın səlahiyyətli nümayəndəsinin əmək qabiliyyətini müvəqqəti itirməsi, özünün və ya yaxın qohumunun xəstəliyi, yaxud ölümü ilə bağlı və ya digər üzürlü səbəblərdən yoxlamada iştirak edə bilməməsindən yoxlamanın davam etdirilməsi mümkün olmadıqda - iyirmi gündən artıq olmayan müddətə.
18.3. Yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın dayandırılması barədə əsaslandırılmış qərar qəbul edilir və bu barədə məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilir.
18.4. Dayandırılmış yoxlamanın aparılma müddətinin hesablanması onun bərpa olunduğu gündən başlayaraq davam edir. Yoxlamanın dayandırıldığı müddət yoxlamanın ümumi müddətinə daxil edilmir.
18.5. Yoxlanılan sahibkar yoxlamanın dayandırılması haqqında qərarla tanış edilməli və bu barədə yoxlama aktında qeydlər aparılmalıdır.

Maddə 19. Yoxlama suallarının siyahısı

19.1. Yoxlanılan sahibkar haqqında məlumatların toplanmasında, yoxlamaların təhlili və qiymətləndirilməsində sistemliliyin, yoxlamaların effektivliyinin, şəffaflığının, yoxlama prosesinin sadələşdirilməsinin təmin olunması məqsədi ilə yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar zamanı yoxlama suallarının siyahısından istifadə olunmalıdır.
19.2. Yoxlama suallarının siyahısı yoxlama aktının tərkib hissəsi hesab edilir.
19.3. Yoxlama suallarının siyahısı yoxlama zamanı yoxlanılan məcburi tələblərdən ibarətdir.
19.4. Yoxlama suallarının siyahısına icrası məcburi olan əhəmiyyətli tələblər daxil edilməlidir. Əhəmiyyətli tələblər o tələblərdir ki, pozulması insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratsın.
19.5. Yoxlama suallarının siyahısında əks olunan tələblərin icra vəziyyəti haqqında müvafiq qeydlər yoxlama zamanı yoxlama suallarının siyahısına yoxlayıcı (yoxlamanın rəhbəri) tərəfindən daxil edilir.
19.6. Yoxlama zamanı yalnız yoxlama suallarının siyahısına daxil edilmiş tələblərin icra vəziyyəti yoxlanılır. Yoxlama zamanı yoxlama suallarının siyahısına daxil edilməyən tələblərin pozulmazı faktı aşkar olunduğu halda həmin fakt üzrə məsuliyyət tədbiri tətbiq oluna bilməz.
19.7. Yoxlama suallarının siyahısı hər bir yoxlayıcı orqan tərəfindən öz nəzarət sahəsinə uyğun olaraq hazırlanır, təsdiq edilir və vahid məlumat reyestrində yerləşdirilməsi təmin olunur. Yoxlayıcı orqanın nəzarət sahəsinə aid olmayan məsələlər həmin yoxlayıcı orqan tərəfindən hazırlanan və tətbiq edilən yoxlama suallarının siyahısına daxil edilə bilməz.
19.8. Yoxlama suallarının siyahısının forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
19.9. Yoxlama suallarının siyahısı yoxlayıcı orqanın rəsmi internet saytında və vahid məlumat reyestrində yerləşdirilir.

Maddə 20. Yoxlamanın keçirilməsi

20.1. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkarın rəhbərinə və ya səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.
20.2. Bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər.
20.3. Yoxlama prosesində yoxlamaya aid sənədlər yoxlayıcıya təqdim olunmalı və yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməlidir. Sənədlərin əsli yoxlama zamanı və ya yoxlama bitdikdən dərhal sonra yoxlama aktının nüsxəsi ilə birlikdə sahibkara qaytarılmalıdır.
20.4. Yoxlamanın tam və hərtərəfli keçirilməsi, yoxlama predmetinə aid olan məsələlərin aydınlaşdırılması məqsədi ilə yoxlayıcı orqan yoxlamaya aid sənədlərin və məlumatların alınması üçün dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə müraciətlər göndərir.
20.5. Yoxlama yalnız sahibkarın iş vaxtında və iş günlərində sahibkarın yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvanda (yoxlamanın keçirildiyi ünvan yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilir) həyata keçirilir. Yoxlama tədbirləri sahibkarın normal iş rejimini pozmamalıdır.
20.6. Yoxlama zamanı yoxlayıcılar əsaslı qərar qəbul etmək üçün bütün fakt və məsələləri, o cümlədən sahibkar üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.
20.7. Yoxlayıcılar yoxlama tədbirlərinin tam görülməsi üçün və müvafiq faktiki məlumatın yoxlanılan sahibkar tərəfindən təqdim olunan sənədlərdə olan məlumatla uyğunluğunu müəyyən etmək məqsədi ilə yoxlanılan sahibkarın fəaliyyət üçün istifadə etdiyi əraziyə (yaşayış sahəsi istisna olmaqla), istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə və xidməti nəqliyyat vasitələrinə baxış keçirir. Yoxlayıcı baxışın keçirilməsi haqqında protokol tərtib edir.
20.8. Sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə (yaşayış sahəsi istisna olmaqla), istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə və xidməti nəqliyyat vasitələrinə baxış yoxlanılan sahibkarın və ya onun nümayəndəsinin iştirakı ilə keçirilir. Yoxlayıcı həmin yerlərə buraxılmadıqda bu barədə yoxlama aktında qeydlər aparılır.
20.9. Yoxlayıcı texniki vasitələrdən (audio, video və foto avadanlıqlarından, surətçıxarandan və skanerdən) istifadə etmək qərarını verdikdə bu barədə yoxlanılan sahibkara və ya onun nümayəndəsinə imzası alınmaqla məlumat verir. Yoxlanılan sahibkar və ya onun nümayəndəsi məlumatın alınması faktını imzası ilə təsdiqləməkdən imtina etdikdə yoxlayıcı tərəfindən imtina aktı tərtib edilir və bu barədə yoxlama aktında müvafiq qeydlər aparılır.
20.10. Foto, audio və video materiallar, kompüter məlumatı və digər məlumat daşıyıcıları yoxlamanın materiallarına əlavə edilir və saxlama müddəti ərzində saxlanılır. Foto, audio və video materiallar sahibkarın icazəsi olmadan kütləvi informasiya vasitələrinə təqdim edilə bilməz.
20.11. Sahibkar keçirilən yoxlama tədbirlərinin foto, video çəkilişini və audio yazılışını apara bilər.
20.12. Sahibkar istədiyi halda yoxlamada köməklik göstərilməsi üçün ictimai təşkilatların nümayəndələrini və ya istənilən üçüncü şəxsləri dəvət edə bilər.

6-cı fəsil
Məhsulun təhqiqi (sınağı) və məhsul nümunələrinin götürülməsi qaydaları

Maddə 21. Məhsulun təhqiqi (sınağı) barədə qərarın qəbul edilməsi

21.1. İstehsal edilən və ya satılan (satış üçün nəzərdə tutulan) hər hansı məhsulun və ya xammalın (bundan sonra "məhsulun") müəyyən edilmiş tələblərə uyğun olması barədə yoxlama zamanı əsaslandırılmış şübhələr yaranarsa, həmin məhsulun təhqiqi (sınağı) və bu məqsədlə məhsul nümunələrinin götürülməsi həyata keçirilir.
21.2. Məhsulun təhqiqi (sınağı) barədə qərar yoxlayıcı orqanının rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən qəbul edilir.
21.3. Məhsulun təhqiqi (sınağı) barədə qərar əsaslandırılmalı, yazılı formada tərtib edilməli və aşağıdakıları əks etdirməlidir:
21.3.1. Qərarın nömrəsi, qəbul edilmə tarixi və vaxtı;
21.3.2. Məhsulun təhqiqi (sınağı) üçün məhsul nümunələrini götürmək səlahiyyəti olan yoxlayıcının vəzifəsi, soyadı və adı;
21.3.3. Məhsulun təhqiqi (sınağı) aparılacaq sahibkarın (onun təsərrüfat obyektinin) adı və yerləşdiyi ünvan;
21.3.4. Təhqiqi (sınağı) aparılacaq məhsulun adı;
21.3.5. Təhqiqi (sınağı) aparılacaq məhsulu dəqiq müəyyən etmək imkanı verən məlumatlar (istehsalçı, model, istehsal tarixi, partiya və s.)
21.3.6. Məhsulun götürülməli nümunələrinin sayı;
21.3.7. Götürülmüş məhsul nümunələrinin uyğunluğunun yoxlanacağı parametrlər;
21.3.8. Məhsulun təhqiqini (sınağını) aparacaq laboratoriyanın və ya digər təşkilatın adı;
21.3.9. Yoxlayıcı orqanının möhürü, yoxlayıcı orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin imzası, soyadı, adı və atasının adı.
21.4. Məhsulun təhqiqi (sınağı) barədə qərar məhsul nümunələrinin götürülməsi barədə akt hazırlanan ana qədər, lakin qərarın qəbul edilməsi anından etibarən qırx səkkiz saatdan çox olmayan müddətdə qüvvədədir.
21.5. Məhsulun təhqiqi (sınağı) barədə qərarın nümunəvi forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 22. Məhsulun təhqiqi (sınağı) məqsədilə məhsul nümunələrinin seçilməsi qaydası

22.1. Yoxlama zamanı məhsulun təhqiqi (sınağı) məqsədilə məhsul nümunələrinin faktiki götürülməsinə başlamazdan əvvəl məhsul nümunələrini götürmək səlahiyyəti olan yoxlayıcı:
22.1.1. Sahibkara bu Qanunun 21.3-cü maddəsində qeyd edilən qərarın nüsxəsini təqdim etməlidir;
22.1.2. Məhsulun təhqiqi (sınağı) və bu məqsədlə məhsul nümunələrinin götürülməsi qaydası və bununla bağlı sahibkarın hüquq və vəzifələrini ona izah etməlidir;
22.1.3. Götürülən məhsul nümunələrinin dəyərini ödəməlidir.
22.2. Məhsul nümunələri yoxlanılan sahibkarın rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin iştirakı ilə yoxlayıcı tərəfindən götürülür və məhsul nümunələrinin götürülməsi aktı ilə rəsmiləşdirilir.
22.3. Məhsul nümunələrinin götürülməsi barədə aktda aşağıdakılar göstərilməlidir:
22.3.1. Aktın tərtib edilmə tarixi və məhsul nümunələrinin dəqiq götürülmə vaxtı;
22.3.2. Məhsul nümunələrinin götürülməsinin əsaslandığı və bu Qanunun 21.3-cü maddəsində göstərilən qərarın nömrəsi, qəbul edilmə tarixi və vaxtı;
22.3.3. Məhsul nümunələri götürülmüş sahibkarın (onun təsərrüfat obyektinin) adı və yerləşdiyi ünvan;
22.3.4. Məhsul nümunələrini götürən yoxlayıcının vəzifəsi, soyadı və adı;
22.3.5. Məhsul nümunələrinin götürülməsində iştirak edən sahibkarın nümayəndəsinin vəzifəsi, soyadı, adı və atasının adı;
22.3.6. Nümunəsi götürülmüş məhsulun adı;
22.3.7. Nümunəsi götürülmüş məhsulu dəqiq müəyyən etmək imkanı verən məlumatlar (istehsalçı, model, istehsal tarixi, partiya və s.);
22.3.8. Götürülmüş məhsul nümunələrinin sayı;
22.3.9. Götürülmüş məhsul nümunələrinin yoxlayıcı tərəfindən ödənmiş ümumi dəyəri;
22.3.10. Götürülmüş məhsul nümunələrinin müqayisə ediləcəyi parametrlərin təsviri;
22.3.11. Əgər varsa, sahibkarın izahatı, iradı və etirazı;
22.3.12. Məhsul nümunələrini götürmüş yoxlayıcının imzası;
22.3.13. Məhsul nümunələrinin götürülməsində iştirak etmiş sahibkarın, yaxud səlahiyyətli nümayəndəsinin imzası.
22.4. Məhsulun təhqiqi (sınağı) məqsədilə məhsul nümunələrinin götürülməsi aktının nümunəvi forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
22.5. Məhsulun təhqiqi (sınağı) məqsədilə məhsul nümunələrinin götürülməsi aktının nümunəvi formasında sahibkarın ifadə etdiyi izahlar, iradlar və etirazların əks etdirilməsi üçün müvafiq bölmə olmalıdır.
22.6. Təhqiq (sınaq) üçün götürülən məhsul nümunələrinin sayı müvafiq təhqiq (sınaq) aparılması metodikasında nəzərdə tutulmuş minimal kafi saydan artıq olmamalıdır. Əgər müvafiq təhqiq (sınaq) aparılması metodikasında məhsul nümunələrinin tələb olunan sayı göstərilməyibsə, yoxlayıcı buna oxşar digər təhqiq (sınaq) aparılması metodikasında nəzərdə tutulmuş minimal kafi saydan çox olmayan sayda məhsul nümunələrini götürmək hüququna malikdir.
22.7. Təhqiq (sınaq) üçün götürülmüş məhsul nümunələrini qablaşdırarkən yoxlayıcı onların bütövlüyünü və təhqiq (sınaq) zamanı uyğunluğu yoxlanacaq parametrlərin təhqiq (sınaq) aparılacaq yerə çatdırılması üçün kifayət edən vaxt ərzində dəyişməz qalmasını təmin etməlidir.
22.8. Təhqiq (sınaq) üçün götürülən məhsul nümunələri yoxlayıcı tərəfindən elə möhürlənməlidir ki, qablaşdırmanın bütövlüyünü pozmadan onu açmaq mümkün olmasın.
22.9. Məhsul nümunələrinin götürülməsini başa çatdırdıqdan sonra yoxlayıcı sahibkara məhsulun təhqiqi (sınağı) məqsədilə məhsul nümunələrinin götürülməsi barədə aktın müvafiq şəkildə rəsmiləşdirilmiş surətini təqdim etməlidir.
22.10. Əgər məhsulun spesifik xüsusiyyətləri və (və ya) xarakteristikası səbəbindən məhsul nümunələrinin götürülməsi və bu Qanunun 27-ci maddəsinə uyğun olaraq təhqiq (sınaq) aparmaq hüququ olan laboratoriyaya və ya digər təşkilata çatdırılması mümkün deyilsə, yoxlayıcı həmin məhsulun yerləşdiyi yerə onun təhqiqi (sınağı) üçün təhqiq (sınaq) aparmaq hüququ olan laboratoriya və ya digər təşkilatın mütəxəssislərinin gəlməsini təşkil edir. Bu zaman məhsulun bu növ təhqiqi (sınağı) sahibkarın normal fəaliyyət aparmasına mane olmamalı və (və ya) onun fəaliyyətini məhdudlaşdırmamalıdır, həmçinin insan həyatı və ya sağlamlığı, ətraf mühit və dövlətin əmlak maraqları üçün təhlükə yaratmamalıdır.
22.11. Sahibkarın məhsul nümunələrinin götürülməsində iştirak etmək, bu Qanunda və müvafiq məhsul nümunələrinin götürülməsi metodikasında nəzərdə tutulan qaydalara əməl edilməsini tələb etmək, habelə öz izah, irad və etirazlarını bildirmək hüququ vardır.

Maddə 23. Məhsulun təhqiqi (sınağı) məqsədilə məhsul nümunələrinin götürülməsi metodları

23.1. Məhsulun təhqiqi (sınağı) məqsədilə məhsul nümunələrinin götürülməsi üçün Azərbaycan Respublikasının müvafiq texniki normativ hüquqi aktlarında nəzərdə tutulmuş metodlardan istifadə edilir.
23.2. Bu Qanunun 23.1-ci maddəsində göstərilən metodların tətbiqi mümkün olmadıqda və ya belə texniki normativ hüquqi aktlar mövcud olmadıqda, Azərbaycan Respublikasının digər sahələrə aid texniki normativ hüquqi aktlarında nəzərdə tutulmuş məhsul nümunələrinin götürülməsi metodları tətbiq edilir. Əgər bu metodların da tətbiqi mümkün olmazsa və ya belə texniki normativ hüquqi aktlar mövcud olmazsa, Azərbaycan Respublikasının üzv olduğu müvafiq beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş metodlardan istifadə edilir.
23.3. Bu Qanunun 23.2-ci maddəsinin ikinci cümləsində göstərilən metodlar mövcud deyilsə, müvafiq məqsəd üçün münasib olan və Azərbaycan Respublikasının digər texniki normativ hüquqi aktlarında, onlar mövcud deyilsə, Azərbaycanın üzv olduğu müvafiq beynəlxalq təşkilatların sənədlərinə müəyyən edilmiş digər metodlardan istifadə edilir.

Maddə 24. Götürülmüş məhsul nümunələrinin laboratoriyaya və ya onların sınağını
aparmaq hüququ olan digər təşkilata çatdırılması qaydası və müddəti

24.1. Yoxlayıcı götürülmüş məhsul nümunələrini bu Qanunun 27-ci maddəsinə uyğun olaraq təhqiq (sınaq) aparmaq hüququ olan laboratoriyaya və ya digər təşkilata mümkün qədər tez, lakin aşağıdakı müddətdən gec olmayaraq çatdırmalıdır:
24.1.1. əgər məhsul tez xarab olan məhsuldursa (normativ saxlama müddəti yetmiş iki saatdan azdır), həmin məhsul nümunəsinin faktiki götürülməsi vaxtından sonra üç saat ərzində;
24.1.2. əgər məhsul nümunəsi qida məhsulu və ya yemdirsə (tez korlanan məhsullar istisna edilməklə), məhsul nümunəsinin faktiki götürülməsi vaxtından sonra on iki saat ərzində;
24.1.3. digər hallarda - nümunələrin faktiki götürülməsi vaxtından sonra qırx səkkiz saat ərzində.
24.2. Yoxlayıcı tərəfindən götürülmüş məhsul nümunələrinin təhvil verilməsi və bu Qanunun 27-ci maddəsinə uyğun olaraq təhqiq (sınaq) aparmaq hüququ olan laboratoriya və ya digər təşkilat tərəfindən təhvil alınması məhsul nümunələrinin təhvil-təslim aktında rəsmiləşdirilir.
24.3. Bu Qanunun 27-ci maddəsinə uyğun olaraq təhqiq (sınaq) aparmaq hüququ olan laboratoriya və ya digər təşkilat aşağıdakı hallarda seçilmiş məhsul nümunələrini qəbul etməkdən və təhvil-təslim aktını rəsmiləşdirməkdən imtina etməlidir:
24.3.1. Məhsul nümunələri bu Qanunun 24.1-ci maddəsində göstərilən müddətlər bitdikdən sonra çatdırıldıqda;
24.3.2. Məhsul nümunələri bu Qanunun 22.7-ci və 22.8-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmayan üsullarla qablaşdırıldıqda və ya vəziyyətdə çatdırıldıqda.

Maddə 25. Götürülmüş məhsul nümunələrinin təhqiqinin (sınağının) aparılması müddətləri və qaydası

25.1. Bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, təhqiqin (sınağın) aparılması müddəti bu Qanunun 24.2-ci maddəsində göstərilən təhvil-təslim aktının rəsmiləşdirilməsi tarixindən etibarən on iş günündən artıq davam edə bilməz.
25.2. Müvafiq təhqiq (sınaq) metodikasında nəzərdə tutulan təhqiq (sınaq) müddəti bu Qanunun 25.1-ci maddəsində göstərilən müddətdən çox olduqda, o zaman təhqiq (sınaq) həmin metodika üçün nəzərdə tutulan müddət ərzində aparılır.
25.3. Təhqiqin (sınağın) nəticələri protokolla rəsmiləşdirilir.
25.4. Bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sınaq aparmaq hüququ olan laboratoriya və ya digər təşkilat təhqiq (sınaq) bitdikdən sonra növbəti iş günündən gec olmayaraq təhqiqin (sınağın) nəticələri barədə protokolu məhsulun təhqiqi (sınağı) barədə qərar qəbul etmiş şəxsə göndərmənin baş verdiyini sübut edən istənilən vasitə ilə göndərməlidir.
25.5. Təhqiqin (sınağın) nəticələri barədə protokolda aşağıdakılar əks etdirilməlidir:
25.5.1. Protokolun nömrəsi, tərtib edilmə tarixi və dəqiq vaxtı;
25.5.2. Məhsul nümunələrinin çatdırılma tarixi və dəqiq vaxtı;
25.5.3. Tətbiq edilən təhqiq (sınaq) metodları barədə məlumat;
25.5.4. Araşdırılan göstəricilərin (parametrlərin) normativ tələblərlə müəyyən edilmiş məqbul səviyyəsi;
25.5.5. Araşdırılan göstəricilərin (parametrlərin) təhqiq (sınaq) nəticəsində əldə edilmiş səviyyəsi;
25.5.6. Əldə edilmiş nəticələrdə xəta (mümkün dəqiqlik).
25.6. Təhqiq (sınaq) nəticələrinə dair protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
25.7. Məhsul nümunələrinin təhqiqini (sınağını) aparmış yoxlayıcı sahibkarı təhqiqin (sınağın) nəticələri ilə tanış etməlidir və tələb edildikdə, təhqiqin (sınağın) nəticələri ilə bağlı izahatlar və məsləhətlər verməlidir.

Maddə 26. Məhsul nümunələrinin götürülməsi və onların təhqiqi (sınağı) ilə bağlı işlərin (xidmətlərin) dəyərinin ödənilməsi

26.1. Məhsul nümunələrinin götürülməsi yoxlayıcı orqan tərəfindən götürülən məhsul nümunələrinin dəyərinin məhsul nümunələri götürülən sahibkara tam ödənməsi şərti ilə həyata keçirilir.
26.2. Məhsul nümunələrinin dəyərinin ödənməsi məhsul nümunələrinin faktiki götürülməsi anından gec olmayaraq və məhsul nümunələrinin götürülməsi barədə akt rəsmiləşdirilənə qədər həyata keçirilməlidir.
26.3. Götürülən məhsul nümunələrinin dəyərinin ödənməsi, onların saxlanması, təhqiq (sınaq) edilən parametrlərin dəyişməz saxlanması, daşınması, təhqiq (sınaq) aparılması, alınmış nəticələr barədə məlumat verilməsi, məhsulun daha sonrakı satışı və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər, həmçinin bu Qanunun 21.2-ci maddəsində göstərilən qərarın nəticəsi olaraq yaranan bütün digər xərclər yoxlayıcı orqanının hesabına ödənilir.
26.4. Əgər məhsul nümunələrinin təhqiq (sınaq) nəticələri məhsulun müəyyən edilmiş tələblərə uyğun olmadığını və bu uyğunsuzluğun insan həyatı və ya sağlamlığı, ətraf mühit və dövlətin əmlak maraqları üçün birbaşa və mühüm təhlükə yaratdığını müəyyən edərsə, yoxlayıcı orqanın bu Qanunun 26.3-cü maddəsinə uyğun olaraq çəkdiyi xərclərin əvəzi sahibkar tərəfindən aşağıdakı hallar istisna olunmaqla ödənilməlidir:
26.4.1. Xərclər yoxlayıcı orqan tərəfindən faktiki olaraq çəkilməyib;
26.4.2. Xərclərin çəkilməsi barədə sənədli təsdiqləmə yoxdur;
26.4.3. Xərclər yoxlayıcı orqan tərəfindən məhsul nümunələrinin qanunsuz götürülməsi, o cümlədən bu Qanunla müəyyən edilmiş qaydalara əməl edilmədən götürülməsi ilə əlaqədar çəkilib.
26.5. Bu Qanunun 26.4-cü maddəsinə uyğun olaraq sahibkar tərəfindən məhsul nümunələrinin götürülməsi ilə bağlı yoxlayıcı orqanının çəkdiyi xərclərin əvəzinin ödənilməsi qaydaları və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 27. Məhsul nümunələrinin təhqiqini (sınağını) aparan laboratoriyalar və digər təşkilatlara dair tələblər

27.1. Bu Qanunun 27.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla məhsul nümunələrinin təhqiqi (sınağı) müvafiq icra hakimiyyəti orqanından bu növ işlərin aparılması üçün akkreditasiyadan keçmiş istənilən laboratoriyalarda və ya digər təşkilatlarda aparıla bilər.
27.2. Götürülmüş məhsul nümunələrinin təhqiqi (sınağı) bu məhsulun uyğunluğunun qiymətləndirilməsində iştirak etmiş və ya bu məhsulun istehsalçısının və ya paylayıcısının (distribütorunun) mülkiyyətində, yaxud nəzarətində (idarəçiliyində) olan laboratoriyalar və digər təşkilatlarda aparıla bilməz.
27.3. Aşağıdakı hallarda yoxlayıcı orqanının rəhbəri və ya onu əvəz edən şəxs məhsul nümunələrinin təhqiqinin (sınağının) aparılması üçün Azərbaycan Respublikası ilə müvafiq beynəlxalq müqavilə bağlamış xarici dövlətdə akkreditasiyadan keçmiş laboratoriyaya və ya digər təşkilata müraciət edə bilər:
27.3.1. Azərbaycan Respublikasında müvafiq məhsul nümunələrinin təhqiqinin (sınağının) aparılması hüququna malik akkreditasiya keçmiş laboratoriyalar və ya digər təşkilatlar mövcud deyil;
27.3.2. Azərbaycan Respublikasında mövcud olan müvafiq məhsul nümunələrinin sınağının aparılması üçün akkreditasiya keçmiş laboratoriyalar və ya digər təşkilatlar bu məhsulun uyğunluğunun qiymətləndirilməsində iştirak edib və ya bu məhsulun istehsalçısı və ya paylayıcısının (distribütorunun) mülkiyyətində, yaxud nəzarətindədir (idarəçiliyindədir).
27.4. Hər yoxlayıcı orqan öz nəzarət sahəsinə aid olan aşağıdakı laboratoriyaların və digər təşkilatların siyahısını rəsmi internet saytında yerləşdirir:
27.4.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq məhsul növlərinin müvafiq növ təhqiqlərinin (sınaqlarının) aparılması üçün akkreditasiya keçmiş;
27.4.2 Azərbaycan Respublikası ilə müvafiq beynəlxalq müqavilə bağlamış xarici dövlətdə akkreditasiyadan keçmiş.
27.5. Bu Qanunun 27.4-cü maddəsində nəzərdə tutulan reyestr yoxlayıcı orqanının rəsmi internet saytında ictimaiyyətə açıq şəkildə yerləşdirilməlidir.

7-ci fəsil
Sahibkarın fəaliyyətinin məhdudlaşdırılması

Maddə 28. Sahibkarın fəaliyyətinin məhdudlaşdırılması barədə qərarın qəbul edilməsi

28.1. Yoxlayıcı orqan aşağıdakı şərtlərin birgə mövcud olduğu hallarda sahibkarın fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edir:
28.1.1. yoxlama zamanı aşkar edilmiş qanun pozuntusu insan həyatı və ya sağlamlığı, ətraf mühit və dövlətin əmlak maraqları üçün birbaşa və mühüm təhlükə yaradır;
28.1.2. həmin qanun pozuntusunun dərhal aradan qaldırılması mümkün deyil;
28.1.3. məhdudlaşma ilə bağlı səlahiyyətlər yoxlayıcı orqanın nəzarət sahəsi üzrə qanunla nəzərdə tutulur.
28.2. Sahibkarın fəaliyyətinin məhdudlaşdırılması aşağıdakı tədbirlərdən birinin (bir neçəsinin) tətbiqini nəzərdə tutur:
28.2.1. istehsalın ayrı-ayrı proseslərinin dayandırılması;
28.2.2. istehsalın dayandırılması;
28.2.3. malın (mal partiyasının) satışının dayandırılması;
28.2.4. malın (mal partiyasının) istehsalının qadağan edilməsi;
28.2.5. malın (mal partiyasının) satışının qadağan edilməsi;
28.2.6. malın (mal partiyasının) dövriyyədən çıxarılması;
28.2.7. malın (mal partiyasının) geri çağırılması;
28.2.8. malın emalı, təkrar emalı, təyinatının dəyişdirilməsi;
28.2.9. iş personalının üzvünün (üzvlərinin) kənarlaşdırılması;
28.2.10. işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması.
28.3. Sahibkarın fəaliyyətinin məhdudlaşdırılması sahibkara qarşı tətbiq edilə biləcək ən son zərurət tədbiri hesab edilir.
28.4. Sahibkarın fəaliyyətinin məhdudlaşdırılması üzrə görülən tədbir insan həyatı və ya sağlamlığı, ətraf mühit və dövlətin əmlak maraqları üçün yaranan təhlükə dərəcəsinə uyğun olmalıdır.
28.5. Sahibkarın fəaliyyətinin məhdudlaşdırılması sahibkarın fəaliyyətinin yalnız o hissəsində (sahəsində) (texnika, avadanlıq, otaqlar, istehsalat əraziləri, maddi nemətlər, əməliyyatlar, personal və s.) tətbiq edilir ki, həmin hissədə (sahədə):
28.5.1. sahibkarlıq fəaliyyətinə irəli sürülən məcburi tələblərin pozulması faktı aşkar olunsun və;
28.5.2. fəaliyyətin məhdudlaşdırılması üzrə tədbirin tətbiq edilməməsi insan həyatı və ya sağlamlığı, ətraf mühit və dövlətin əmlak maraqları üçün birbaşa və mühüm təhlükə yaratsın.
28.6. Sahibkarın fəaliyyətinin məhdudlaşdırılması barədə qərarın qəbul edilməsi zamanı yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs sahibkarın fəaliyyətinə minimum müdaxilə prinsipini rəhbər tutmalıdır.
28.7. Aşağıdakı hallarda sahibkarın fəaliyyəti məhdudlaşdırıla bilməz:
28.7.1. aşkar edilmiş qanun pozuntusu insan həyatı və ya sağlamlığı, ətraf mühit və dövlətin əmlak maraqları üçün birbaşa və mühüm təhlükə yaratmır (qanun pozuntusu yaranan təhlükənin dərəcəsinə uyğun deyil);
28.7.2. aşkar edilmiş qanun pozuntusu faktının dərhal aradan qaldırılması mümkündür;
28.7.3. fəaliyyətin məhdudlaşdırılması sahibkarın fəaliyyətinin qanun pozuntusu faktı aşkar olunmayan hissəsinə (sahəsinə) (texnika, avadanlıq, otaqlar, istehsalat əraziləri, maddi nemətlər, əməliyyatlar, personal və s.) tətbiq edilir.
28.8. Sahibkarın fəaliyyətinin məhdudlaşdırılması barədə qərar yoxlayıcı tərəfindən tərtib edilən aralıq aktı əsasında yoxlayıcı orqanının rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən qanun pozuntusu faktı aşkar edildiyi tarixdən bir iş günü ərzində qəbul edilir.
28.9. Sahibkarın fəaliyyətinin məhdudlaşdırılması barədə qərar əsaslandırılmış olmalıdır, yazılı formada tərtib edilməlidir və aşağıdakı məlumatı əks etməlidir:
28.9.1. qərarın nömrəsi və tarixi;
28.9.2. barəsində fəaliyyətin məhdudlaşdırılması qərarı verilmiş sahibkarın (onun müvafiq təsərrüfat obyektinin) adı və yerləşdiyi ünvan;
28.9.3. yoxlama suallarının siyahısının konkret suallarının nömrələri və tələbləri pozulmuş qanunvericilik aktlarının konkret struktur elementləri göstərilməklə, aşkar edilmiş qanun pozuntularının izahı;
28.9.4. sahibkarın fəaliyyəti məhdudlaşdırılan hissəsinin (sahəsinin) (texnika, avadanlıq, otaqlar, istehsalat əraziləri, maddi nemətlər, əməliyyatlar, personal və s.) təsviri;
28.9.5. sahibkarın fəaliyyətinin məhdudlaşdırılması üçün bu Qanunun 28.2-ci maddəsinə əsasən tətbiq edilən konkret tədbir(tədbirlər);
28.9.6. sahibkarın fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olan halların və qanun pozuntularının aradan qaldırılması üçün sahibkar tərəfindən yerinə yetirilməli olan konkret tədbirlər;
28.9.7. sahibkarın fəaliyyətinin məhdudlaşdırılması barədə qərardan şikayət etmə müddətləri və qaydası barədə məlumat;
28.9.8. yoxlayıcı orqanın rəhbərinin və ya onu əvəz edən şəxsin adı, soyadı və imzası.
28.10. Sahibkarın fəaliyyətinin məhdudlaşdırılması barədə qərarın surəti qəbul edildiyi tarixin növbəti iş günündən gec olmayaraq sahibkara təqdim edilir.
28.11. Sahibkarın fəaliyyətinin məhdudlaşdırılması üzrə görülən konkret tədbir barədə məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilməlidir.

Maddə 29. Sahibkarın fəaliyyətinin məhdudlaşdırılması barədə qərarın ləğv edilməsi

29.1. Aşağıdakı şərtlər yerinə yetirildikdən sonra sahibkarın fəaliyyətinin məhdudlaşdırılması barədə qərar ləğv edilmiş hesab edilir və o öz fəaliyyətini davam etdirə bilər:
29.1.1. sahibkar tam və əhatəli şəkildə fəaliyyətin məhdudlaşdırılması barədə qərarda göstərilən tədbirləri yerinə yetirmişdir və;
29.1.2. sahibkar fəaliyyətin məhdudlaşdırılması barədə qərarda göstərilən tədbirləri yerinə yetirdiyi barədə müvafiq yoxlayıcı orqana alınmasını təsdiq edən istənilən vasitə ilə xəbərdarlıq göndərmişdir.
29.2. Yoxlayıcı orqan fəaliyyətin məhdudlaşdırılması barədə qərarda göstərilən tədbirlərin yerinə yetirilməsi barədə xəbərdarlığı aldığı tarixdən üç iş günü ərzində həmin tədbirlərin yerinə yetirilməsi vəziyyətinin yoxlanılması üçün plandankənar (növbədənkənar) yoxlama təyin edir. Plandankənar (növbədənkənar) yoxlama bu Qanunla plandankənar (növbədənkənar) yoxlamalar üçün nəzərdə tutulmuş müddət və qaydaya uyğun aparılır.

Maddə 30. Sahibkarın fəaliyyətinin təkrar məhdudlaşdırılması barədə qərarın qəbul edilməsi və həmin qərarın ləğv edilməsi

30.1. Yoxlayıcı orqan tərəfindən bu Qanunun 29.2-ci maddəsində göstərilən əsaslarla və müddətlərdə keçirilən plandankənar (növbədənkənar) yoxlama zamanı fəaliyyətin məhdudlaşdırılması haqqında qərarda göstərilən tədbirlərin sahibkar tərəfindən yerinə yetirilmədiyi və ya qismən yerinə yetirildiyi aşkara çıxarılarsa, yoxlayıcı orqan sahibkarın fəaliyyətinin təkrar məhdudlaşdırılması barədə qərar qəbul edir.
30.2. Sahibkarın fəaliyyətinin təkrar məhdudlaşdırılması barədə qərara və onun ləğv edilməsinə müvafiq olaraq bu Qanunun 28-ci və 29-cü maddələrinin müddəaları tətbiq edilir.

8-ci fəsil
Yoxlamaların nəticələrinin rəsmiləşdirilməsi və yoxlama nəticələri
üzrə qərarın qəbul edilməsi

Maddə 31. Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi

31.1. Yoxlamanın nəticələri yoxlama aktı ilə rəsmiləşdirilir.
31.2. Yoxlama aktında aşağıdakılar göstərilir:
31.2.1. yoxlayıcı orqanın adı;
31.2.2. aktın nömrəsi və tərtib edildiyi tarix;
31.2.3. yoxlamaların vahid məlumat reyestrindən verilən kod;
31.2.4. yoxlanılan sahibkarın adı və VÖEN-i;
31.2.5. yoxlanılan sahibkarın bilavasitə yoxlanılan təsərrüfat obyektinin ünvanı;
31.2.6. yoxlamada iştirak edən yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi;
31.2.7. yoxlamanın aparılması haqqında qərarın tarixi və nömrəsi;
31.2.8. sahibkara yoxlama zamanı onun hüquq və vəzifələrinin izah edilməsi haqqında məlumat;
31.2.9. yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə);
31.2.10. yoxlama suallarının siyahısının konkret suallarının nömrələri göstərilməklə aşkar olunmuş qanun pozuntularının məzmunu, pozulmuş qanunvericilik aktlarının konkret struktur elementləri;
31.2.11. əgər varsa, sahibkarın izahatı, iradı və etirazı;
31.2.12. yoxlama aktına əlavə edilən sənədlərin siyahısı;
31.2.13. yoxlamada iştirak etmiş bütün yoxlayıcıların və sahibkarın rəhbərinin (onun səlahiyyətli nümayəndəsinin) imzaları.
31.3. Yoxlama aktının tərtib edilməsi zamanı aşkar edilmiş faktlar yoxlama aktında aydın və dəqiq göstərilməlidir. Yoxlama aktına yoxlama suallarının siyahısının yoxlanılmamış suallarının nömrələrini, habelə yoxlanılan sahibkarın fəaliyyəti ilə bağlı təsdiqini tapmamış müxtəlif faktların və məlumatların daxil edilməsinə yol verilmir.
31.4. Yoxlama aktına yoxlama suallarının siyahısı, habelə yoxlama aktında göstərilən məlumatları təsdiqləyən və yoxlamanın nəticələri üzrə qərarın qəbul edilməsi üçün əhəmiyyət kəsb edən digər sənədlər əlavə edilir.
31.5. Yoxlama aktı yoxlamanın başa çatdığı gündən gec olmayaraq yoxlamada iştirak edən bütün yoxlayıcılar tərəfindən imzalanır. Yoxlama aktını imzalamış yoxlayıcılar yoxlama aktına və yoxlama suallarının siyahısına daxil edilmiş qeyd və məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyırlar.
31.6. Yoxlama aktı yoxlamada iştirak etmiş yoxlayıcılar tərəfindən imzalandıqdan sonra sahibkarın rəhbərinə (səlahiyyətli nümayəndəsinə) imzalanmaq üçün təqdim edilir.
31.7. Yoxlama aktının sahibkarın rəhbəri (səlahiyyətli nümayəndəsi) tərəfindən imzalanması sahibkarın yoxlama aktının məzmunu ilə tanış olması faktını təsdiq edir. Yoxlama aktının sahibkarın rəhbəri (səlahiyyətli nümayəndəsi) tərəfindən imzalanması faktı sahibkarın yoxlama aktının məzmunu və ona əlavə edilmiş sənədlərlə (yoxlama suallarının siyahısı da daxil olmaqla) razılığını bildirmir.
31.8. Sahibkar yoxlama aktının məzmunu və (və ya) ona əlavə edilmiş sənədlərlə (yoxlama suallarının siyahısı da daxil olmaqla) və ya yoxlayıcının hərəkəti (hərəkətsizliyi) ilə razılaşmadığı halda, yoxlama aktında yoxlama aktını imzalamadan əvvəl müvafiq qeyd aparmaqla öz izah, irad və etirazını bildirə bilər.
31.9. Yoxlama aktı iki nüsxədə tərtib edilir. Yoxlama aktının və ona əlavə edilmiş sənədlərin bir nüsxəsi sahibkarın rəhbərinə (səlahiyyətli nümayəndəsinə) təqdim edilir, digər nüsxəsi isə yoxlayıcı orqanda qalır.
31.10. Sahibkar yoxlama aktını almaqdan və (və ya) onu imzalamaqdan imtina etdikdə, bu barədə yoxlayıcılar tərəfindən yoxlama aktında müvafiq qeydlər aparılır. Bundan sonra yoxlama aktının müvafiq surəti alınmasını təsdiq edən istənilən vasitə ilə yoxlama başa çatdığı tarixdən növbəti üç iş günü ərzində sahibkara göndərilir.

Maddə 32. Yoxlama materiallarına baxılması

32.1. Yoxlayıcı orqanın vəzifəli şəxsləri yoxlama materiallarına baxılması zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Bu zaman sahibkarın xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edilə bilməz.
32.2. Yoxlayıcı orqan sahibkarı və digər aidiyyəti şəxsləri yoxlama materiallarına baxılması ilə bağlı iclasın vaxtı və yeri haqqında rəsmi qaydada yazılı şəkildə xəbərdar etməyə borcludur.
32.3. Sahibkar yoxlama materiallarına baxılmasında birbaşa, yaxud nümayəndə və ya vəkil vasitəsilə iştirak edə bilər.

Maddə 33. Yoxlama materiallarına (yoxlama aktına və ona əlavə olan sənədlərə) baxılmasının nəticələri üzrə
qərarın çıxarılması və aşkar olunmuş pozuntu faktları üzrə görülən tədbirlər

33.1. Yoxlamanın keçirilməsi nəticəsində sahibkarlıq fəaliyyətinə irəli sürülən məcburi tələblərin pozulması faktları aşkar olunduqda, yoxlayıcı orqan tərəfindən aşkar olunmuş pozuntuların aradan qaldırılması, onların insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına vura biləcəyi zərərin qarşısının alınması, həmçinin pozuntuya yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı qanunla müəyyən edilmiş tədbirlər görülür. Yoxlamanın nəticələri üzrə tətbiq olunan hüquqi tədbirlər qanunla nəzərdə tutulmalı və yoxlayıcı orqanın səlahiyyətlərinə uyğun olmalıdır.
33.2. Yoxlama materiallarına baxılmasının nəticələri üzrə bu Qanunun 31.1-ci maddəsində göstərilən aktın rəsmiləşdirilməsindən sonra ən geci 15 iş günü müddətində yoxlayıcı orqan tərəfindən aşağıdakılar barəsində qərar çıxarılır:
33.2.1. məsuliyyətə səbəb olmayan pozuntular aşkar edildikdə həmin pozuntuların aradan qaldırılması haqqında;
33.2.2. məsuliyyətə səbəb olan pozuntular aşkar edildikdə qanunla müəyyən edilən məsuliyyət tədbirləri və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında;
33.2.3. inzibati xətanın əlamətləri aşkar olunduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilməsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında;
33.2.4. cinayət əlamətləri aşkar edildikdə, toplanmış materialların aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilməsi və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında;
33.2.5. qanun pozuntusu faktı təsdiqini tapmadığı halda qanun pozuntunun aşkar olunmaması haqqında.
33.3. Yoxlamanın nəticələri üzrə qərar yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanır. Yoxlamanın nəticələri üzrə qərarın surəti çıxarıldığı vaxtdan üç iş günündən gec olmayaraq sahibkara təqdim edilir və ya alınmasını təsdiq edən istənilən vasitə ilə göndərilir, qərarın əsli isə yoxlayıcı orqanda saxlanılır.
33.4. Yoxlamanın nəticələri üzrə qərarda aşağıdakılar göstərilir:
33.4.1. qərarın tarixi və nömrəsi;
33.4.2. yoxlayıcı orqanın adı, yoxlanılan sahibkarın adı və ünvanı (o cümlədən, sahibkarlıq subyektinin bilavasitə yoxlanılan təsərrüfat obyektin ünvanı);
33.4.3. bu Qanunun 33.2-ci maddəsinə istinad edilməklə qəbul edilmiş qərar;
33.4.4. pozuntu aşkar olunduqda, pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri;
33.4.5. aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün görülməli olan tədbirlər;
33.4.6. pozuntuların aradan qaldırılması müddəti;
33.4.7. qərardan şikayət vermə müddəti və qaydası.
33.5. Sahibkarın müraciəti olduğu təqdirdə qərarda nəzərdə tutulan aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün görülməli olan tədbirlər yoxlayıcı orqanın metodiki köməkliyi ilə yerinə yetirilir. Qərarda nəzərdə tutulan aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün görülməli olan tədbirlər yerinə yetirildikdən sonra nəticəsi barədə üç iş günü müddətində sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilir.
33.6. Yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış yoxlamanın nəticələri üzrə qərar qəbul olunduğu tarixdən beş iş günü müddətində aşağıdakı məlumatlar yoxlamaların vahid məlumat reyestrinə daxil edilmək üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilir:
33.6.1. yoxlamanın keçirilib-keçirilməməsi;
33.6.2. yoxlama keçirilmədikdə bunun səbəbləri;
33.6.3. yoxlama ilə qanun pozuntularının aşkar edilib-edilməməsi;
33.6.4. tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementlərinə istinadla aşkar edilmiş qanun pozuntuları;
33.6.5. yoxlamanın nəticəsi üzrə qəbul edilmiş qərar (pozuntu aşkar olunduqda, məsuliyyətə cəlb olunmuş təqsirkar şəxslər, görülmüş məsuliyyət tədbirləri, materialların aidiyyəti üzrə göndərildiyi dövlət orqanları, materialların göndərilməsinə dair məktubların tarix və nömrələri).

9-cu fəsil
Şikayət və məsuliyyət

Maddə 34. Yoxlayıcı orqanların (yoxlayıcıların) qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi qaydası

34.1. Yoxlama keçirilərkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər.
34.2. Yoxlayıcı orqanın qərarından verilən şikayətə yuxarı dövlət orqanı tərəfindən 15 iş günü müddətində baxılır və aşağıdakı qərarlardan biri qəbul edilir:
34.2.1. yoxlayıcı orqanın qərarının qüvvədə saxlanılması haqqında;
34.2.2. yoxlayıcı orqanın qərarının ləğv edilməsi haqqında;
34.2.3. yoxlayıcı orqanın qərarında dəyişiklik edilməsi haqqında.
34.3. Yoxlayıcıların hərəkətlərindən (hərəkətsizliyindən) verilən şikayətlərə baxılması üzrə yuxarı dövlət orqanı şikayətin təmin edilməsi və ya təmin edilməməsi haqqında qərar qəbul edir.
34.4. Yoxlayıcı orqanların (yoxlayıcıların) qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən şikayətlərə baxılmasına dair yuxarı dövlət orqanın qərarı qəbul olunduğu tarixdən üç iş günü müddətində sahibkara təqdim edilir və ya alınmasını təsdiq edən istənilən vasitə ilə göndərilir.

Maddə 35. Yoxlayıcı orqanların və yoxlayıcıların məsuliyyəti

35.1. Yoxlayıcılar bu Qanunun tələblərinin pozulmasına, habelə yoxlamalar həyata keçirilərkən, vəzifə borclarının yerinə yetirilməməsinə, vəzifə səlahiyyətlərinin aşmasına və sahibkara vurulan zərərə görə qanuna uyğun olaraq intizam, mülki, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar.
35.2. Sahibkar yoxlayıcı orqan tərəfindən kompensasiyanın ödənilməsindən imtina olunmasından inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Maddə 36. Sahibkarların məsuliyyəti

Bu Qanunun tələblərinin pozulmasına, habelə qanunsuz olaraq yoxlayıcı orqanın yoxlama keçirməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə yoxlayıcıların yoxlama yerinə buraxılmamasına, yaxud yoxlayıcı orqanların (yoxlayıcıların) qərarlarının (qanuni tələblərinin) yerinə yetirilməməsinə görə sahibkarlar inzibati və ya cinayət məsuliyyəti daşıyırlar.

10-cu fəsil
Yekun müddəalar

Maddə 37. Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc edildiyi gündən altı ay sonra qüvvəyə minir.

Maddə 38. Keçid müddəa

Bu Qanunun qüvvəyə mindiyi günədək aparılmış sonuncu plan üzrə (növbəti) yoxlamanın başa çatma tarixi bu Qanunun 10.4-cu və 10.6-cı maddələrində göstərilən müddətlər hesablanarkən nəzərə alınır.